YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb

«Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan çətinliklərdən xilas olaraq normal inkişaf mərhələsinə qədəm qoydu. Bununla da, ölkəmizdə sabitlik, əminamanlıq, dinclik yarandı və vətəndaş cəmiyyəti quruldu. Bütün bunların nəticəsi olaraq biz bu gün güclü Azərbaycandan, güclü inkişafdan danışırıq. Təbii ki, bu inkişafa ölkə gəncliyi də öz töhfələrini verir». Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Bütövlükdə cəmiyyətimizin  gənc olduğunu deyən Əli Əhmədov əhalinin tərkibində gənclərin xüsusi çəkiyə malik olduğunu bildirib. Gənclərin ölkə həyatında fəal rol oynadığını söyləyən YAP Sədrinin müavini gənc nəslin Azərbaycanın inkişafı prosesində aktiv iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, müasir gənclik həmçinin, milli mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirir.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan gəncləri Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib. Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud olan imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi yetişməsinə səfərbər edilməsindən ibarət olub. YAP Sədrinin müavini məmnunluq hissi ilə deyib ki,  Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük işlər görülüb.

«Təbii ki, bu işlərin əsasını Heydər Əliyev ideyaları təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni  zamanda azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxan və özünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb»- YAP Sədrinin müavini vurğulayıb.